REGİONLAR
Balakənli fermerlər bu il 45 min ton dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar
Balakən, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun fermer təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb. Cari mövsümdə rayonda 7244,5 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Balakənli fermerlər bu il 45 min ton dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qarğıdalı əkinlərinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində bu il də sahələrdə bol məhsul yetişdirilib. İndi əsas diqqət məhsulun sahələrdən tez və itkisiz toplanmasına yönəldilib.
Son illər rayonda qarğıdalı istehsalı ilə məşğul olan fermer təsərrüfatlarının sayı xeyli artıb. Talalar kənd sakini Nüsrət Əsgərov 10 ildir ki, qarğıdalıçılıqla məşğul olur. Fermer bu il təsərrüfatında 200 hektar sahədə qarğıdalı əkib. Hazırda təsərrüfatında 16 nəfər mövsümi işlə təmin olunub.
Təsərrüfat rəhbəri AZƏRTAC-a bildirib ki, bu il sahələrin hər hektarından 60-70 sentner məhsul gözləyir. Torpaq mülkiyyətçilərinə göstərilən bütün yardımlardan yetərincə faydalanan fermer Nüsrət Əsgərov iş adamlarına yaradılan əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.