REGİONLAR
Balakənli fermerlər bu il 528 hektar sahədə tütün yetişdiriblər
Balakən, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Balakən rayonunun təsərrüfatlarında 528 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 27 hektar artıb. Balakənli fermerlər bu il 241 hektar sahədə “Virciniya” və 8 hektar sahədə “Berley” növlü ətirli tütün, 279 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Artıq rayonun bəzi kəndlərində yerli “İtiyarpaq” tütün sortunun yığımına da başlanılıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisinin bildirdiyinə görə, ilk olaraq tütün yığımı Qaysa kəndindən olan İlyas Əlibəyovun təsərrüfatında aparılıb. Fermer bu il bir hektardan çox sahədə yerli tütün sortu yetişdirib.
Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Keçən il rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər ötən mövsüm 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.