REGİONLAR
Balakənli fermerlər bu il də qarğıdalı istehsalını 40 min tona çatdırmaq əzmindədirlər
Balakən, 1 oktyabr, AZƏRTAC
Balakən rayonunun fermer təsərrüfatlarında qarğıdalı yığımının qızğın çağıdır. Cari ildə rayonda 7101 hektar sahədə qarğıdalı bitkisi əkilib. İndiyədək 1000 hektara yaxın sahənin məhsulu yığılıb, 5 min tona yaxın dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 57 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Son illər rayonda qarğıdalıçılıq sahəsində fəaliyyət göstərən fermerlərin sayı xeyli artıb. Bu da təsadüfi deyil. Hazırda qarğıdalıçılıq rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Cari ilin Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahədə çalışan fermerləri də daha yaxşı işləməyə, ölkənin, eləcə də rayonun iqtisadi inkişafı üçün daha sanballı töhfələr verməyə ruhlandırıb.
Belə qabaqcıl fermer təsərrüfatlarından biri də rayonun Talalar kəndində fəaliyyət göstərir. Kənd sakini Nüsrət Əsgərovun rəhbərlik etdiyi təsərrüfat 10 ildir ki, qarğıdalıçılıqla məşğul olur. Hazırda təsərrüfatın 250 hektar qarğıdalı sahəsi var. Təsərrüfatda 15 nəfərədək işçi çalışır.
Təsərrüfat rəhbərinin dediyinə görə, məhsul istehsalçılarının əməyinə düzgün qiymət veriləndə nəticəsi də yaxşı olur. Dövlətin məhsul istehsalçılarına dəstəyindən, maliyyə yardımından bəhrələnən fermer Nüsrət Əsgərov əvvəlki illərdə öz təsərrüfatından 1000 tondan artıq məhsul götürüb. Bu il də qarğıdalı sahələrində yaxşı məhsul yetişib. İndi əsas diqqət məhsulun sahələrdən itkisiz yığılmasına yönəldilib.
Balakənli fermerlər əvvəlki illərdə olduğu kimi, bu il də qarğıdalı istehsalını 40 min tona çatdırmaq əzmindədirlər.