REGİONLAR
Balakənli gənclər “Dolu” filminə tamaşa ediblər
Balakən, 31 avqust, AZƏRTAC
Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən “Aktiv Gənclər Klubu”nda Azərbaycan filmlərinin təbliği məqsədilə “Movie klub” adlı dərnək təşkil edilib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, klub hər həftə bir Azərbaycan filmini nümayiş etdirir. Bu dəfə gənclərə Qarabağ müharibəsindən bəhs edən “Dolu” filmi təqdim olunub.
Filmin Heydər Əliyev Mərkəzində keçirilən nümayişindən əvvəl Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 22 il ötdüyü diqqətə çatdırılıb. Erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişi başa çatdıqdan sonra gənclərin film barədə fikirləri öyrənilib, vətənpərvərlik mövzusunda söhbət aparılıb.
Dərnəyin yaradılmasında əsas məqsəd milli kinolarımızı təbliğ etmək, gənclərə keçmişimiz, klassik filmlərimizdə nümayiş etdirilən milli-mənəvi dəyərlərimiz, kino xadimlərimiz, habelə filmlərdəki obrazlar barədə dolğun məlumat verməkdir.