REGİONLAR


Balakənli gənclər Ulu Öndərin azərbaycançılıq məfkurəsi ideyasına hər an sadiqdirlər

Balakən, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ideyası xalqımızın ictimai fikir və şüur tarixinə əsaslanan ideologiyadır. Müstəqil Azərbaycanda öz milli-mənəvi irsinə sahib çıxan, geniş intellektə və dünyagörüşə malik, fiziki cəhətdən sağlam, əqidəli, ölkəmizin sabahı naminə məsuliyyəti öz üzərinə götürməyi bacaran yeni nəslin formalaşması Ulu Öndərin ən böyük arzularından və ölkədə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindən biri olub. Sevindirici haldır ki, dahi rəhbərin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri bu gün Vətənimizin tərəqqisi naminə var qüvvələri ilə çalışır, həyatın bütün sahələrində böyük uğurlara imza atırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Balakən rayonunda keçirilən “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfransda səsləndirilib.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə nazirliyin rəsmiləri, rayon rəhbərliyi, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.

Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev konfransda çıxış edərək, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsinin zəruriliyini vurğulayıb, nazirlik tərəfindən respublikanın şəhər və rayonlarında keçirilən təbliğat xarakterli silsilə tədbirlərin gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hislərini gücləndirmək məqsədi daşıdığını bildirib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslə diqqət və qayğı bu gün dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib.

Qeyd olunub ki, dövlətimizin apardığı gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da uğurla həyata keçirilməkdədir. Təsadüfi deyildir ki, Balakən rayonu 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” elan edilib. Balakənin bu şərəfli ada layiq görülməsi heç də təsadüfi deyil və böyük zəhmət hesabına başa gəlib. Bu uğur Balakəndə uzun illərdən bəri gənclərlə aparılan məqsədyönlü işin məntiqi nəticəsidir və rayon gənclərinin yüksək fəallığı sayəsində mümkün olub.

Tədbir çərçivəsində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında paytaxtdan gəlmiş tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.