REGİONLAR
Balakənlilər Vətənin müdafiəsinə hər an hazırdırlar VİDEO
Balakən, 20 dekabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər reallaşdırır.
AZƏRTAC xəbər verir ki, “Vətənin müdafiəsinə hazıram!” mövzusunda növbəti tədbir dekabrın 20-də Balakən Rayon İcra Hakimiyyəti ilə birgə Balakən şəhərindəki Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin rolunu yüksək qiymətləndirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında Azərbaycanda ordu quruculuğunda qazanılan uğurlardan danışıb. Bildirib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun cəbhə xəttində düşməni ağır məğlubiyyətə uğratması işğal altındakı ərazilərimizin azad ediləcəyi günün yaxında olduğunu sübut edir.
Tədbirdə “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin, “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyinin rəhbərləri, eləcə də Qarabağ müharibəsi veteranları çıxış edərək, gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərin qorunması və təbliğində fəal iştirak etdiklərini, mədəniyyət, idman, elm və digər sahələrdə yüksək nailiyyətlər qazandıqlarını, dövlətçilik ənənələrini daim uca tutduqlarını bildiriblər.
Sonra şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin “Çağırışaqədərki hazırlıq” fənnində uğur qazanan şagirdlər mükafatlandırılıblar.
Tədbir vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında konsert proqramı ilə başa çatıb.