İQTİSADİYYAT
Balaxanı Sənaye Parkında istehsalat obyektlərinin tikintisinə hazırlıq görülür
Bakı, 7 mart, AZƏRTAC
Balaxanı Sənaye Parkının yaradılması üçün ayrılmış 7 hektar sahədə hasarlanma, zəruri torpaq işləri başa çatıb və ərazi abadlıq, quruculuq, tikinti işləri üçün hazır vəziyyətə gətirilib. Sənaye parkında elektrik enerjisinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşıb və yaxın gələcəkdə inşasına başlanılacaq. Parka qaz, su xətləri çəkilib. Yaxın zamanda istehsalat obyektlərinin tikintisinə başlanılacağı gözlənilir.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev AZƏRTAC-a məlumat verib.
Parkda 3 rezident qeydiyyata alınıb. “Az.Ekol” MMC butulkaların təkrar emalı sahəsində fəaliyyət göstərəcək. “Ekokat” MMC işlənmiş mühərrik yağlarının təkrar emalı ilə məşğul olacaq. “Eco Tire” MMC isə Bakı şəhəri və regionlarda yük avtomobillərinin, avtobusların, xüsusi təyinatlı avtomobillərin, qoşqular və yarımqoşquların təkərlərini soyuq üsulla bərpa edəcək. Digər rezidentlərlə danışıqlar davam etdirilir. Rezidentlər qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən), torpaq vergisindən, əmlak vergisindən azad ediləcək, sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV ödəməyəcəklər.
Abbas Əliyev qeyd edib ki, Balaxanı Sənaye Parkı ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. Burada ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görülür.
Şöbə müdiri vurğulayıb ki, yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, parkın girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək.