MƏDƏNİYYƏT
“Balet mənim həyatımdır” filminin yaradıcıları mətbuat konfransı keçirib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” kinostudiyası tərəfindən çəkilən “Balet mənim həyatımdır” sənədli filminin müəllifləri mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında ekran əsərinin müəllifləri ilə yanaşı, filmin qəhrəmanları – Azərbaycanın tanınmış balet rəqqasları Rəfiqə Axundova və Maqsud Məmmədov, habelə tanınmış sovet və Rusiya balet artisti, baletmeyster, xoreoqraf, teatr rejissoru, aktyor, rəssam, SSRİ Xalq Artisti Vladimir Vasilyev iştirak ediblər.
“Balet mənim həyatımdır” sənədli filmi Azərbaycan baletinin tanınmış ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunub.
Filmdə Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən SSRİ xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ Xalq Rəssamı Tahir Salahov, SSRİ Xalq Artisti, opera müğənnisi Fidan Qasımova, Azərbaycanın Xalq Yazıçısı Anar, Xalq Artisti, dirijor Rauf Abdullayev, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayev və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında xatirə və fikirlərini bölüşürlər.
Sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasovadır. Bu, Gülər Tokgözün balet haqqında ikinci filmidir. Onun ilk filmi Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinə həsr edilib.
Vladimir Vasilyev Bakıya ilk dəfə gəldiyini bildirərək deyib: “Şəhərin gözəlliyi, insanları məni valeh etdi. Mən Rəfiqə Axundovanı və Maqsud Məmmədovu hələ Xoreoqrafiya Məktəbində oxuduqları vaxtlardan tanıyıram. Ölkənin milli sərvəti olan balet haqqında bu filmin çəkilməsinə kömək edən hər kəsə çox təşəkkür edirəm. Sənədli salnamənin misli-bərabəri yoxdur. İllər keçdikcə o, daha dəyərli olur, çünki özündə gələcək nəsillər üçün tarixi qoruyur”.
Sonra “Balet mənim həyatımdır” sənədli filmi nümayiş etdirilib.