SİYASƏT
Bali Demokratiya Forumunda Azərbaycanın uğurlarından bəhs olunub
Cakarta, 9 dekabr, AZƏRTAC
İndoneziyada keçirilən ənənəvi Bali Demokratiya Forumunda Azərbaycanın uğurlarından bəhs olunub.
Doqquzuncu dəfə keçirilən forumda çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bildirib ki, demokratiyanı, insan haqlarını və qanunun aliliyini təşviq etmək məqsədi daşıyan bu mötəbər tədbirə Azərbaycan hökuməti böyük önəm verir.
Cari ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyindən danışan səfir bu illər ərzində ölkəmizin müstəqil xarici siyasət yeritməsinə, bölgənin lider dövlətinə, etibarlı beynəlxalq tərəfdaşa və nümunəvi multikulturalizm mərkəzinə çevrilməsindən bəhs edib. 1918-ci ildə Şərqdə təsis olunan ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətindən danışan səfir burada Avropadan da əvvəl qadınlara səsvermə hüququ verilməsindən, ölkə parlamentində qadınların təmsil olunmasından bəhs edib.
Müasir dövrdə multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğu, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi vurğulanıb. Bakı Beynəlxalq Humanitar, Ümumdünya Mədəniyyətlərarası Dialoq, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumlarından, Azərbaycanın təşəbbüskarı olduğu və ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlərdən söz açılıb. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılan və mədəniyyətlərarası dialoq platformasına çevrilən “Bakı prosesi” haqqında məlumat verilib.
Müxtəlif etnik və din mənsublarının bərabərlik, sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanın qonşu Ermənistan tərəfindən təcavüzə məruz qaldığı xüsusi qeyd edilib. Vurğulanıb ki, yeganə etnik və din mənsublarından ibarət əhaliyə malik olan Ermənistan terroru və separatizmi dövlət siyasətinə çevirərək Azərbaycan torpaqlarını işğal edib, həmin ərazilərdə etnik təmizləmə - soyqırımı həyata keçirib, 1 milyondan çox azərbaycanlını öz doğma yurdundan qovub. Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki məscidlər, müsəlman qəbirləri və digər dini-tarixi abidələr müxtəlif təhqirlərə, vəhşiliklərə məruz qalaraq dağıdılır.
Səfir təəssüflə bildirib ki, bütün bunlar hamımızın birgə yaşadığı planetdə baş verir. Dünyada hər bir sivil cəmiyyət sülh və təhlükəsizlik şəraitində, öz şərəfi və ləyaqəti ilə sərbəst yaşamaq istəyir. Bunun üçün dünyanın tək ehtiyacı olduğu addım birləşmək və ədalətsizliyə qarşı birgə mübarizə aparmaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta