İQTİSADİYYAT
“Bank Silk Way”in yeni saytı istifadəyə verilib
Bakı, 8 noyabr, AZƏRTAC
"Bank Silk Way" tam yenilənmiş www.banksilkway.az korporativ saytını istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir. Sayt hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınıb. Saytın birinci səhifəsində istifadəçilər yeni bank məhsulları, digər yeniliklər və dəyişikliklər haqqında məlumat ala biləcəklər. Həmçinin "SW Bank Miles" layihəsi və "SW Club" endirim sistemi haqqında hər bir məlumatı rahatlıqla əldə etmək mümkündür.
Eyni zamanda, saytda plastik kartların onlayn sifarişi, kredit və kommunal borcların onlayn ödənişi, onlayn məsləhətçi və "mənə zəng" xidmətləri də təqdim olunub. Saytda bankın fəaliyyətinin fundamental istiqamətləri, fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.
Qeyd edək ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-veriş və xidmətləri "Miles" kartı ilə ödəyən kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutası ilə həyata keçirilən ödənişlər zamanı əlavə olunur. Ballar, həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanır.