İQTİSADİYYAT


“Bank Standard” əmanətlərin ödənilməsinə bşlayıb

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Fiziki şəxslərin "Bank Standard"dakı 30 min manatadək (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və bu il vaxtı bitən əmanətləri üzrə vəsaitləri limitsiz şəkildə ödəniləcək.

Bankdan AZƏRTAC-a bildiriblər ki, avqustun 3-dən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Bank Standard" Kommersiya Bankına (KB) təyin edilmiş müvəqqəti inzibatçılıq müddəti başa çatıb və banka göstərilən dövlət dəstəyi çərçivəsində avqustun 4-dən bankın sağlamlaşdırma proqramının birinci mərhələsinin icrasına başlanılır.

"Bank Standard"da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə banka təyin olunmuş yeni rəhbərlik tərəfindən hazırlanmış sağlamlaşdırma proqramı bankın likvidliyinin artırılması, kapital, aktivlərinin keyfiyyətinin və uzunmüddətli dayanıqlılığının təmin edilməsi ilə yanaşı, həmçinin əhalinin bankda olan əmanətlərinin mərhələli şəkildə tam həcmdə qaytarılmasını nəzərdə tutur.

Bankın sağlamlaşdırma proqramı müştərilər qarşısında öhdəliklərin icrası ilə yanaşı, həm də bankın gələcək dayanıqlı inkişaf strategiyasının bir hissəsi kimi çıxış edir və ölkənin ən böyük maliyyə institutlarından birinin bazardakı rolunun gücləndirilməsinə yönəlib. "Bank Standard"ın sağlamlaşdırılması prosesi mərhələli şəkildə aparılacaq.

Sağlamlaşdırma proqramının birinci mərhələsi çərçivəsində fiziki şəxslərin "Bank Standard"dakı 30 min manatadək (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və cari il vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödəniləcək.

Müştərilərin "Bank Standard"dakı 30 min manatdan artıq (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və bu il vaxtı bitən əmanət qalıqları üzrə vəsaitlərin ödənilməsi ilə bağlı bir neçə təklif nəzərdə tutulur. Hazırlanmış təkliflərlə bağlı müştərilərə əlavə məlumat veriləcək. Müddəti cari ildən sonra başa çatan əmanətlər üzrə tədbirlər planı sağlamlaşdırma proqramının 2017-ci ildə həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində hazırlanacaq və bu ilin sonunadək təqdim olunacaq. Sağlamlaşdırma proqramı çərçivəsində həm ölkə daxilində, həm də ölkə xaricində "Bank Standard" KB-nin plastik kartlarının fəaliyyəti bərpa edilir. Qeyd olunan tarixdən hüquqi şəxslərin "Bank Standard"dakı cari hesabları üzrə əməliyyatlar məhdudiyyətsiz aparıla bilər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, bankda yaranmış problemləri tənzimləmək üçün dövlət tərəfindən mayın 3-dən etibarən "Bank Standard" KB-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Bankın sistem əhəmiyyətini nəzərə alaraq, iyulun 4-də onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank" ASC vasitəsilə sağlamlaşdırılması (sanasiyası) haqqında qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.