İQTİSADİYYAT


“Bank Standard”ın ləğvetmə planı müzakirə edilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzvləri, Əmanətlərin Sığortalanması Fondunun, “BM Morrison” hüquq şirkəti və KPMG beynəlxalq audit şirkətinin rəhbərliklərinin iştirakı ilə “Bank Standard” Kommersiya Bankı QSC-nin ləğvetmə planına dair iclas keçirilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bu il oktyabrın 1-dən etibarən lisenziyası ləğv edilmiş “Bank Standard”ın qorunan əmanətləri üzrə kompensasiyaların 90 faizdən çoxu ödənilib və bu proses şəffaf şəkildə davam edir. Bankdakı qorunmayan əmanətlər və digər kreditorların vəsaitləri üzrə kompensasiyalar isə “Bank Standard”ın likvid aktivlərinin realizasiyasından sonra qanunvericiliyə uyğun növbəlilik prinsipi ilə ödəniləcək. Onun sözlərinə görə, kreditorların maraqlarını və şəffaflığı təmin etmək məqsədilə ləğvetmə prosesində kreditorların iştirakı təmin olunacaq.

İclasda, həmçinin kreditorlara münasibətdə ləğvedicinin fəaliyyəti, o cümlədən ləğvedicinin bankın qiymətləndirilməsi və məhkəmə ilə iş üzrə fəaliyyəti, habelə iflas prosedurunun başa çatması istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

Bununla yanaşı, iclasda hazırda aparılan kreditor tələblərinin qeydiyyatının bu il dekabrın 12-də bitməsinin nəzərdə tutulduğu bildirilib. Belə ki, qeydə alınmış tələblər yoxlanılıb kreditorların reyestrinin təsdiq edilməsi üçün məhkəməyə təqdim ediləcək.

“Bank Standard”ın ləğvetmə planının qanuna müvafiq və qabaqcıl təcrübəyə uyğun tərtib olunaraq icra edilməsi məqsədilə “BM Morrison” hüquq şirkəti məsləhətçi kimi cəlb edilib. Bankın aktivləri, passivləri və balansdan kənar öhdəliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini və şəffaflığı təmin etmək məqsədilə isə ləğvetmə prosesinə KPMG beynəlxalq audit şirkəti cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.