İQTİSADİYYAT
“Bank Technique”in məsafəli xidmətlərinə "Asan İmza" texnologiyası inteqrasiya edilir
Bakı, 26 may, AZƏRTAC
“Bank Technique” ASC may ayında istifadəyə vermiş məsafəli bankçılıq xidmətlərinə "Asan İmza" mobil elektron imza texnologiyasını inteqrasiya edir.
AZƏRTAC xəbər verir ki, bu barədə bankda keçirilən toplantıda məlumat verilib.
“Bank Technique”in Müşahidə Şurasının sədri Rövşən İsmayılov bu ay istifadəyə verilmiş xidmətlərin kifayət qədər maraqla qarşılandığını bildirərək, yeni texnologiyaların tətbiqinin vacibliyini bildirib.
Toplantı zamanı "Asan İmza"nın “Technique Online”, “Technique Mobile” və “Technique ID” sistemlərində testlərinin uğurla həyata keçirildiyi bildirilib, tam istifadəyə hazır olduğu vurğulanıb. Geniş təqdimat zamanı qeyd olunub ki, “Asan İmza" texnologiyası məsafəli bankçılıq xidmətlərinin imkanlarını genişləndirməklə, displey-kartlarla yanaşı, eyniləşdirmə sahəsində rahatlığı və təhlükəsizliyi təmin edir.
Sonda, yeni texnologiyanın gələn həftə ərzində müştərilərin istifadəsinə verilməsi barədə qərar qəbul edilib.