İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)” əmanət faizlərini artırıb
Bakı, 17 oktyabr, AZƏRTAC
“Bank VTB (Azərbaycan)” manat əmanətləri üzrə faiz dərəcəsini artırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, indi "Sərfəli" əmanəti üzrə maksimal faiz dərəcəsi 17 faiz təşkil edir. Yeni şərtlərə əsasən, müştərilər 6, 12 və ya 24 ay müddətinə depozit hesabı aça bilər. Faizlər aylıq və ya depozit müddətinin sonunda ödənilir. Əmanətin minimal məbləği əvvəlki kimi 100 manat təşkil edir.
Faiz dərəcəsi faizlərin ödənilməsi şərtlərindən və depozitin müddətindən asılı olaraq dəyişir. Faizlər hər ay ödənildikdə illik faiz dərəcəsi 13-15,8 faiz təşkil edir. Vəsaitlər depozit müddətinin sonunda verildikdə faizlər 14-17 faiz arasında dəyişir. Faiz dərəcəsinin artırılması “Bank VTB (Azərbaycan)”ın müştərilərinə əmanətlərini sərfəli şərtlərlə yerləşdirməyə imkan verəcək.
Sentyabrın 1-nə bankın depozit portfelinin artımı ötən ilin göstəricisi ilə müqayisədə 37 faiz təşkil edib.
“Sərfəli” əmanətinin bütün şərtləri ilə bankın saytında tanış olmaq mümkündür: http://ru.vtb.az/personnel/depositspersonnel/depozit-viqodniyy.php.