İQTİSADİYYAT
Bank VTB (Azərbaycan) hesab.az ödəniş sisteminə qoşulub
Bakı, 3 iyul, AZƏRTAC
Bank VTB (Azərbaycan) hesab.az elektron ödəniş sisteminə qoşulub.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bank VTB (Azərbaycan)ın müştəriləri kredit borclarını www.hesab.az portalı vasitəsi ilə onlayn-rejimdə ödəyə biləcəklər. Bunun üçün portalda “Banklar, foreks və lizinq” bölməsinə keçib maliyyə təşkilatları arasında Bank VTB (Azərbaycan)ı seçərək müvafiq ödənişi etmək lazımdır. Müştəri borcunu PİN-kod, kredit və ya kartın nömrəsindən istifadə edərək qaytara bilər. Hazırda hesab.az portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür. Ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.
“Müştərilərin rahatlığını təmin etmək bankımız üçün vacibdir. Bu məqsədlə də biz məsafəli bank xidmətlərinin tətbiqinə davam edirik. Müştərilərimizə alternativ kredit ödənişi kanallarını təklif edirik: artıq müştərilər e-pul.az və hesab.az elektron ödəniş sistemlərindən, eləcə də "MilliÖn" və "Е-manat" terminallarından istifadə edə bilərlər”, - deyə Bank VTB (Azərbaycan)ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.