İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)” Azərbaycanın mədəni və idman həyatında fəal iştirak edir
Bakı, 25 aprel, Əziz Məmmədov, Samirə Quliyeva, AZƏRTAC
“Bank VTB (Azərbaycan)” mədəniyyətin, xüsusən teatr sənətinin dəstəklənməsinə və inkişafına böyük əhəmiyyət verir. Bankın idarə heyətinin sədri Yuri Yakovlev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, bank Rusiyanın aparıcı teatrlarının Bakıya qastrollarını təşkil etmək niyyətindədir.
Y.Yakovlev deyib: “Mariya Teatrını qastrollara dəvət etmək məsələsi üzərində iş gedir. Bu teatr sonuncu dəfə Azərbaycana 2008-ci ildə gəlib. Teatra maraq böyükdür. Hazırda Moskvadakı baş idarə ilə birlikdə bu məsələ üzərində çalışırıq”.
Diqqətə çatdırılıb ki, “Bank VTB (Azərbaycan)” ölkənin aparıcı teatrlarından biri, rus dilində tamaşaların Azərbaycanda təbliğində böyük rol oynayan Rus Dram Teatrı ilə də uğurla əməkdaşlıq edir. Yuri Yakovlev bildirib: “Rus Dram Teatrı ilə əməkdaşlıq çərçivəsində biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün müxtəlif tamaşalara biletlər almaq niyyətindəyik. Bizim dəstəyimizlə yaz tətili günlərində Moskvanın iki uşaq teatrının qastrolları təşkil edilib. Rus Dram Teatrının səhnəsində “Çippolinonun yeni macəraları” və “Çəkməli pişik” musiqili nağıllarının premyeraları olub. Balaca tamaşaçılar bu səhnə əsərlərinə böyük maraqla baxıblar”.
Qeyd edilib ki, “Bank VTB (Azərbaycan)” Azərbaycanda idmanın inkişafına da diqqət yetirir. Məsələn, bank Velosiped İdmanı Federasiyası ilə əməkdaşlıq edir, habelə uşaq basketbolu sahəsinə maliyyə yardımı göstərir. Ayrılan vəsait hesabına zəruri idman inventarı, habelə komanda üzvləri üçün forma alınıb.