İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)"ın depozit portfeli 24 faiz artıb
Bakı, 21 noyabr, AZƏRTAC
Oktyabrın 1-nə “Bank VTB (Azərbaycan)"ın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində əhalinin manat əmanətlərinin artımı 34,1 faiz, fiziki şəxslərin milli valyutada olan müddətli əmanətlərinin artımı isə 33,7 faiz təşkil edib.
Hesabat dövründə bankın kredit portfeli 7 faiz artaraq oktyabrın 1-nə 363,5 milyon manat təşkil edib ki, bu vəsaitlərin 60 faizi kiçik və orta sahibkarlığa ayrılan kreditlərin payına düşüb. Ötən dövr ərzində milli valyutanın dollara nisbətdə ucuzlaşması iqtisadiyyatın real sektorunda fəaliyyət göstərənlərin və fərdi şəxslərin kredit borclarını ödəmə qabiliyyətinə təsir edib. Müştərilərinə dəstək olmaq və onların kredit yükünü azaltmaq məqsədilə bank güzəştli restrukturizasiya proqramının tətbiqinə başlayıb və proqram çərçivəsində hazırda kredit müddətinin uzadılması, ödəniş şərtlərinə yenidən baxılması, ödəniş qrafikinin dəyişdirilməsi və faiz dərəcəsində əhəmiyyətli endirimlərin edilməsi kimi güzəştlər təklif olunur.
Tədbirlər kompleksinin tətbiqində bank əsas səhmdarı olan “VTB”dən daim dəstək alır. Belə ki, bu il “VTB” törəmə bankı olan “Bank VTB (Azərbaycan)”ın kapitalına xüsusi strukturlaşmış depozit şəklində 110 milyon manatdan çox vəsait yatırıb. Hazırda bankda depozit portfelinin sabit artımı müşahidə olunur. Bankın əsas göstəricilərindən olan aktivləri də bir il ərzində 17 faiz artaraq 431,9 milyon manata çatıb. Bankın məcmu kapitalı Mərkəzi Bankın kommersiya banklarının kapitalının həcminə dair tələblərinə tam cavab verir.
Beynəlxalq “VTB” maliyyə qrupunun bir hissəsi olaraq “Bank VTB (Azərbaycan)” ölkədə qabaqcıl texnoloji bank olmağı qarşısına məqsəd qoyub. Bunun üçün artıq innovativ internet-bankinq xidməti tətbiq olunub və mobil-bankinqin fəaliyyəti üçün iş aparılır.