DÜNYA
Bank əməkdaşlarını girov götürən erməni mənşəli iş adamının psixoloji problemi üzə çıxıb
Moskva, 25 avqust, AZƏRTAC
Avqustun 24-də Moskvanın mərkəzində “Citybank”ın filalının əməkdaşlarını girov götürən erməni mənşəli müflisləşmiş iş adamı Aram Petrosyanın psixoloji problemi üzə çıxıb.
O, axşam saatlarında üzərinə içində bomba olduğu ehtimal edilən qutu bağlayaraq banka daxil olmuş və 4 əməkdaşı girov götürmüşdü. Sahibkar hüquq mühafizə orqanlarının əməkdaşları ilə aparılan danışıqlardan sonra girovları buraxıb və polisə təslim olub. İçərisində partlayıcı maddə olduğu iddia edilən qutudan isə torpaq çıxıb.
Petrosyanın hansı tələblər irəli sürdüyü də aydınlaşıb. O, hadisədən bir gün əvvəl sosial şəbəkədə yerləşdirdiyi videoda Rusiya Prezidentinə müraciət edərək müflisləşmə haqqında qanunun təkmilləşdirilməsi barədə fikirlərini bildirmiş və yaxın günlərdə dünyaya səs salacaq addım atacağı barədə xəbərdarlıq etmişdi. Psixoloqların fikrincə, müflisləşmənin xəstəlik kimi müalicə olumasını tələb edən Petrosyanın psixi problemləri mövcuddur.
Rusiya KİV-lərinin yazdığına görə, A.Petrosyan bu ölkədə bir neçə qapalı səhmdar cəmiyyətlərin və şirkətin sahibi kimi kimyəvi maddələr, tibb ləvazimatı və daş kömür satışı ilə məşğul olub. Sonradan müflisləşən sahibkarın bir çox Rusiya banklarına borcu var.
Aram Petrosyan Rusiyaya 2011-ci ildə köçüb. Bəzi mənbələrin məlumatına görə, Ermənistanda bir neçə il həbsdə olub, Rusya vətəndaşlığını isə saxta nikah əsasında ala bilib. Moskva biznes dairələrində Petrosyanın yerli sahibkarlara da xeyli miqdarda borcu olduğu da bildirilir.
Bu gün Petrosyana ittihamnamə təqdim ediləcək və həbsi barədə məsələ həllini tapacaq. O, həmçinin psixiatrik ekspertizadan da keçməli olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva