İQTİSADİYYAT
Bank nümayəndələri üçün seminar
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) "Kiçik və orta ölçülü müəssisələr (KOM) üçün innovativ bankçılıq xidmətləri" mövzusunda birgə seminar keçirib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, seminarda qurumun və BMK-ın mütəxəssisləri bank nümayəndələrinə kiçik və orta ölçülü müəssisələrə kreditlərin ayrılmasına dair qabaqcıl təcrübə haqqında təqdimatlar ediblər. Təqdimat zamanı KOM-ların maliyyələşdirməsinə aid bütün önəmli sahələrə, o cümlədən dayanıqlı biznes modeli və düzgün məhsul dizaynı, geniş satış kanalları və effektiv risk menecmentinə müfəssəl yanaşmanın əhəmiyyəti xüsusi vurğulanıb, yeni iş yerlərinin və iqtisadi diversifikasiyanın təmin olunması üçün Azərbaycanda kiçik biznesin maliyyələşməyə çıxışının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Bundan əlavə, BMK-ın ekspertləri korporativ idarəetmə və risk menecmentinin təkmilləşdirilməsi və KOM üçün yeni maliyyələşmə alətlərinin inkişaf etdirilməsi barədə təcrübələrini bölüşərək dəyər zənciri maliyyələşməsi, rəqəmsal maliyyə xidmətləri, aqro-maliyyə, daşınar əmlak əsaslı kreditləşmə və bərpa olunan enerji maliyyələşməsi barədə məlumat veriblər.
Seminarda bankların, o cümlədən Azərbaycan Banklar Assosiasiyası və Bank Tədris Mərkəzinin nümayəndələri, habelə Mərkəzi Bankın aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.