İQTİSADİYYAT
Bank sektorunun hazırkı vəziyyəti və sağlamlaşdırma trendləri müzakirə olunub
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin və ABA-nın icraçı direktoru Yunus Abdulovun İsveçrə Milli Bankının sədri Tomas Yordanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bank sektorunun hazırkı vəziyyəti və sağlamlaşdırma trendləri müzakirə olunub.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, görüş gələcək əməkdaşlıq üçün ilkin əlaqələrin qurulması məqsədi daşıyıb.
Görüşdə nümayəndə heyətinin üzvlərinə ölkədə aparılan iqtisadi islahatlar, bank sektorunun hazırkı vəziyyəti və sağlamlaşdırma trendləri, eləcə də ABA-nın fəaliyyəti barədə məlumat verilib. Öz növbəsində, nümayəndə heyəti də İsveçrənin bank sektoru barədə ABA-nın rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, “Azericard” MMC ABA-nın üzvüdür.