CƏMİYYƏT


Bankdan internet vasitəsilə 3,7 milyon manat vəsait oğurlayan şəxs Azərbaycana ekstradisiya edilib

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə indiyədək hesablanmış 3 milyon 700 min manatdan artıq vəsait oğurlanıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, digər ölkələrdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyənləşib.

Fakt üzrə toplanılmış materiallar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2-ci və 273.4-cü maddələri ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa edilib.

Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniyanın Barselona şəhərində saxlanılıb. O, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.