CƏMİYYƏT
Banklardan 2 milyon 468 min manat vəsaiti talayan dəstə üzvləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
İstintaq zamanı Gəncədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürəhmanovun 2008-2009-cu illərdə “Kapitalbank” ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, “Azəriqazbank” ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı və Gəncə sakinlərinin etibarlarından sui-istifadə edib onları aldadaraq evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək mənimsəmə və israfetmə yolu ilə talamasında, habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirmələrində əsaslı şübhələr olduğundan Rafael Əbdürəhmanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israfetmə), Ədalət Müseyibova və Zöhrab Bayramova 179.3.2-ci maddəsi ittiham edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbirləri, cinayətin digər (cəmi 15 nəfər) iştirakçılarına isə Cinayət Məcəlləsinin 178.3.2-ci, 179.3.2-ci, 308.2-ci və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlara və digər hüquqi şəxslərə dəymiş ziyanın istintaq zamanı qismən ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.