DÜNYA
Barak Obama: Kubanın təcrid olunması siyasəti heç bir nəticə verməyib
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ və Kuba biri-birinə qarşı “köhnəlmiş yanaşma”dan əl çəkmək, diplomatik əlaqələri bərpa etmək, ticarət məhdudiyyətlərini aradan qaldırmaq niyyətindədirlər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, dekabrın 17-də ABŞ Prezidenti Barak Obama və Kuba lideri Raul Kastro təxminən eyni vaxta təsadüf edən televiziya çıxışlarında Vaşinqton və Havana arasında dialoqun yeni mərhələsini başlamaq üçün çalışdıqlarını bəyan ediblər. Hər iki ölkə başçısı bu “tarixi ana” Vatikan və Kanada hökumətinin vasitəçiliyi ilə uzun sürən danışıqlar nəticəsində nail olunduğunu dilə gətirib.
Ölkəsinə çoxsaylı itkilər gətirən iqtisadi, ticari və maliyyə blokadasının sona yetməsinin vacibliyini qeyd edən Kuba lideri Raul Kastro aralarındakı fərqlərə baxmayaraq bir-birlərinə hörmətlə yanaşmağı öyrənməli olduqlarını vurğulayıb.
Kubanın sərt izolyasiyası siyasətinin faktiki olaraq iflasa uğradığını etiraf edən Prezident Barak Obama ölkəsinin həm kubalıların, həm də amerikalıların xoş gələcəyi naminə keçmişin buxovlarını zəiflətməyə qərar verdiyini bildirib.
Amerika lideri, eyni zamanda Ağ ev üçün vacib olan demokratiya və insan haqları kimi məsələləri unutmayacağını və azad dünya ideyaları uğrunda hər iki ölkənin birgə mübarizə aparacağını vəd edib.