DÜNYA
Barak Obama dünyanı nüvə silahından imtina etməyə çağırıb
Bakı, 27 may, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama Xirosima şəhərinə səfəri zamanı dünyanı nüvə silahından imtina etməyə çağırıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Barak Obama 1945-ci ildə Xirosima atom bombardmanı qurbanlarının xatirə abidəsi önünə çiçək qoyub. Ağ evin rəsmi saytı hadisə yerindən canlı yayım təqdim edib.
“Biz yaxın keçmişdə baş verən dəhşətli zorakılıq üzərində fikirləşmək üçün gəlirik. Biz həlak olanları yad etmək üçün gəlirik. Biz bu dəhşətli müharibədə həlak olan günahsız insanların xatirəsini uca tuturuq”, – deyə Barak Obama qeyd edib.
ABŞ Prezidenti, həmçinin gələcəkdə belə iztirabların baş verməməsi üçün bütün dünyanın məsuliyyət daşıdığını bildirib və dünya ölkələrini nüvə silahından imtina etməyə çağırıb.
Abidəyə gülqoyma mərasimində Barak Obama ilə birgə bombardmanda xəsarət alan və Atom və Hidrogen Bombalarından Zərər Çəkənlər Təşkilatları Konfederasiyasının həmsədrləri Sunao Suboi və Mikiso İvasa, həmçinin bir həftə əvvəl Amerikanın üzr istəməsi tələbi ilə çıxış edən təşkilat katibliyinin başçısı Terumi Tanaka da iştirak ediblər.
Beləliklə, Barak Obama Xirosimanı ziyarət edən ilk ABŞ prezidenti olub.
Xatırladaq ki, Amerika Hərbi Hava Qüvvələrinin ikinci dünya müharibəsinin yekun mərhələsində - 1945-ci il avqustun 6-da və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı iki atom bombası 200 minədək insanın həyatına son qoymuşdu. Faciə qurbanlarının ümumi sayı isə 450 min nəfərdən çoxdur. Sağ qalanlar radiasiya şüalanmasının yaratdığı xəstəlilklərdən indiyədək əziyyət çəkirlər. Son məlumata görə, onların sayı 183,5 min nəfər təşkil edir.