REGİONLAR
Barama istehsalçılarına subsidiyaların verilməsi davam edir
On iki rayon üzrə 898 barama istehsalçısına 427 min 795 manat subsidiya verilib
Bakı, 31 iyul, AZƏRTAC
Barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə iyulda Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Komissiyanın barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 12 rayon kənd təsərrüfatı idarəsinin və rayon komissiyasının təqdim etdiyi sənədlərə baxılıb, 898 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 85559,11 kiloqram yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına, ümumilikdə, 427795,55 manat subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon kənd təsərrüfatı idarələrinə və rayon komissiyasına göndərilib.
Komissiyanın keçirdiyi iclaslarda, ümumilikdə, 21 rayon üzrə 1386 istehsalçıya 133503,62 kiloqram yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 667518,10 manat subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Respublikada barama istehsalı ilə məşğul olan 31 rayondan qalan 10 rayon üzrə sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə Komissiyanın iclasında qısa müddətdə baxılacaq.
Qeyd edək ki, subsidiya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na əsasən ödənilir.