İDMAN
“Barselona” UEFA Super Kubokunun sahibi oldu VİDEO
Tbilisi, 12 avqust, AZƏRTAC
Avqustun 11-də Tbilisidə keçirilən UEFA Super Kubokunun qalibi müəyyən olundu.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Barselona" Avroliqanı qazanan "Sevilya"nı 5:4 hesabı ilə məğlub edərək superkubokunun sahibi oldu.
Bakı vaxtı ilə saat 23:45-də başlayan qarşılaşmada qapılara 9 qol vurulub. Fasiləyə 3:1 hesabı ilə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissənin əvvəlində daha bir dəfə fərqlənib. Lakin "Sevilya" ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxıb.
Superkuboku qalib komandaya UEFA-nın prezidenti Mişel Platini, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təqdim ediblər.
Qeyd edək ki, "Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxıb. Kataloniya təmsilçisi 4 dəfə qalib gəldiyi halda, "Sevilya" cəmi bir dəfə superkuboka sahib çıxmışdı.
1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox "Milan" qazanıb. İtaliya təmsilçisi 5 dəfə superkuboku muzeyinə aparıb.
"Barselona" da qələbədən sonra "Milan"a çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi