İDMAN
“Barselona”nın sabiq prezidenti pulların yuyulmasına görə İspaniyada həbs edilib
Bakı, 23 may, AZƏRTAC
“Barselona” futbol klubunun sabiq prezidenti Sandro Rossel və onun arvadı Marta Kataloniya klubunu idarə edən vaxtlarda pulların yuyulmasında şübhəli bilinən şəxslər kimi İspaniya polisi tərəfindən həbs olunublar. Bu məlumatı “Reuters” yayıb. Əlli üç yaşlı menecerlə yanaşı, bir neçə adamın da həbs edildiyi əməliyyat İspaniya Ali Məhkəməsinin qərarı və Milli Qvardiyanın dəstəyi ilə Andorra və Kataloniyada keçirilib.
“El Mundo”nun məlumatına görə, Rosselin həbsi onun Braziliya Futbol Federasiyası ilə birlikdə bu ölkənin yığmasının oyunlarının nümayişinə görə 15 milyon avro mənimsəməsi ilə bağlıdır. Qeyd olunur ki, Rossel aldığı pulları ofşor şirkətlər vasitəsilə yuyub. O, bir neçə adamdan ibarət, o cümlədən arvadının və Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyranın daxil olduğu qruplaşmada olub.
Qeyd edək ki, Rosselin adı 2013-cü ildə “Barselona” futbolçusu Neymarın Braziliya “Santos”undan Kataloniya klubuna keçməsində dələduzluğa görə cinayət işində də hallanır, lakin hələ ki, qərar çıxarılmayıb. İspaniya prokurorluğu buna görə Rosselə beş il həbs tələb edir.