CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi qarlı-çovğunlu günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir VİDEO
Bakı, 31 yanvar (AZƏRTAC). Baş Dövlət Yol Polisi İdarəsi qarlı-çovğunlu günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir.
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev AZƏRTAC-a bildirmişdir ki, yanvarın 30-da axşam saat 22:00-dan 31-i gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci kilometrindən 55-ci kilometrinə qədər ərazidə çovğun olması ilə əlaqədar Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalmışdır.
Bu müddət ərzində həmin sərnişinlər Yol Patrul Xidməti avtomobillərinin köməyi ilə təxliyə olunaraq Bakı şəhərinə çatdırılmışlar. Hazırda ərazi üzrə yol istismar idarələri ilə birgə yollarda xidmət aparılır və bütün ərazilərdə yolun qardan təmizlənməsi prosesi davam edir. Amma qarın güclü yağması səbəbindən qreyderlər yolların təmizlənməsini vaxtında çatdıra bilmirlər. Qreyderlər 50-60 kilometr məsafədə keçəndən 15 dəqiqə sonra qar yerə oturur, avtomobillər keçən kimi bərkiyir və buzlaşma gedir.
Kamran Əliyev demişdir ki, hazırda Bakı-Şamaxı yolunda qar yağır, yolun səthi buzdur. Yolun 15-ci kilometrindən 45-ci kilometrinə qədər ərazidə çovğun davam edir, nəqliyyat vasitələrinin hərəkəti məhduddur.
Bakı-Quba yolunda 83-cü kilometrinə qədər yol açıqdır, qar yağır. Lakin 83-cü kilometrdən sonra yolun mərkəzi hissəsi buz bağlamışdır. Bakı-Qazax yolunda da qar yağır, hərəkət çətindir. Yolun 14-cü kilometrindən 24-cü kilometrinə qədər olan ərazidə çovğun davam edir. Ağsu-İsmayıllı ərazisində hərəkət məhduddur, qar yağır.
Oğuz-Qəbələ ərazisində hərəkət məhduddur, qar yağır. Yevlax-Zaqatala yolunda hərəkət mövcuddur, lakin qar yağır. Ələt-Astara yolunda qar yağsa da, nəqliyyat vasitələrinin hərəkəti davam edir. Sabirabad-İmişli ərazisində eyni vəziyyət hökm sürür.
Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsi adından bir daha sürücülərə müraciət edərək onlara yollarda ehtiyatlı olmağı tövsiyə etmişdir. Sürücülərə və avtomobil sahiblərinə qeyd olunan istiqamətlərdə mümkün qədər fərdi nəqliyyat vasitələrindən az istifadə etmək, yalnız hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun avtomobillərdən istifadəyə üstünlük vermək tövsiyə edilir. Çünki bəzi ərazilərdə hərəkət məhduddur, hətta çovğun hər iki oxu aparıcı olan avtomobillərin də hərəkəti çox çətindir.