CƏMİYYƏT
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi Moldovada səfərdə olub
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moldova rəsmilərinin dəvəti ilə iyulun 3-4-də bu ölkədə səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti Moldovann Milli Antikorrupsiya Mərkəzinin inzibati binası və fəaliyyəti ilə yaxından tanış olublar.
Nümayəndə heyətini qəbul edən Mərkəzin rəisi Viorel Ketraru ilə görüşdə Moldova Milli Antikorrupsiya Mərkəzinin nümayəndə heyətinin 2016-cı ilin dekabrında ölkəmizə səfəri xatırlanıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qarşı tərəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan məqsədyönlü institusional və qanunvericilik islahatları barədə məlumat verib. Görüşdə ölkələrimiz arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Baş İdarənin nümayəndə heyətinin Moldovanın Baş Prokurorluğuna səfəri çərçivəsində bu ölkənin baş prokuroru Eduard Xarunjena ilə ikitərəfli görüş keçirilib.
Görüşdə Moldova Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb, prioritet əməkdaşlıq sahələri müəyyənləşdirilib.
Sonra ölkəmizin nümayəndə heyəti Moldovanın Antikorrupsiya Prokurorluğunun inzibati binasını ziyarət edib.
Antikorrupsiya Prokurorluğunun baş prokuroru Viorel Morar ilə ikitərəfli görüşdə ölkələrimizdə korrupsiya və digər mənfi hallara qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə müzakirələr aparılıb. Eləcə də qarşı tərəfə “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə geniş məlumat verilib. Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər Moldova rəsmiləri tərəfindən yüksək qiymətləndirilib. Bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq ifadə edilib.
Görüşlərdə, həmçinin Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.