REGİONLAR
Baş Prokurorluğun əməkdaşları məcburi köçkünlərə bayram sovqatı veriblər
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki “Meşəçilik İnstitutu”nun ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə tanış olublar.
Görüşdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin daxili təhlükəsizlik xidmətinin rəisi Elşən Abbasov dövlətimizin başçısının Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı siyasət barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildiriblər.