CƏMİYYƏT


Baş Prokurorluğun rəhbərliyi intihara cəhdin araşdırılmasını xüsusi nəzarətə götürüb

Bakı, 30 may, AZƏRTAC

Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Qasımov Mütalib Sarı oğlunun 1 may 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının otlaq sahəsindən oğurlanması barədə müraciəti əsasında Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanmış cinayət işi üzrə oğurluqda Ağdam rayonundan məcburi köçkün, hazırda Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış Hüseynov Vilayət Barat oğlundan şübhələndiyini bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iş üzrə şahid qismində dindirilməsi məqsədilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, V.Hüseynov heç bir səbəb göstərmədən istintaqdan yayınıb. Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun qəbul otağının qarşısında üzərinə tezalışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırıb, lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra V.Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Araşdırmalarla müəyyən edilib ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və Ağdam rayon məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan V.Hüseynov əvvəllər həmin cinayət işinin istintaqından narazı olması ilə bağlı Baş Prokurorluğa müraciət etməyib.

Göstərilən xüsusatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək intihara cəhdin başvermə səbəblərinin araşdırılması barədə konkret tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.