İQTİSADİYYAT


Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin texnika və işçi qüvvəsinin potensialı düzgün qiymətləndirilməyib

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2015-ci il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövrdə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Şirvan Kollektoru Ağdaş, Ucar, Kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan və Salyanın təsərrüfatlarına xidmət göstərir. İdarənin xidmət şəbəkəsinə uzunluğu 215,7 kilometr olan Baş Şirvan kollektoru, 622,53 kilometr təsərrüfatlararası kollektorlar, 572,25 kilometr təsərrüfatdaxili kollektorları, 773 ədəd körpü, 5 ədəd düker, 182 akveduk ötürücü qurğuları və 6 ədəd suölçən məntəqə daxildir. Kollektorun üzərində ümumi məhsuldarlığı 38,05 kubmetr/saniyə olan 11 ədəd meliorativ nasos stansiyası fəaliyyət göstərir. Kollektor vasitəsilə 2015-ci ildə 1,4 milyard kubmetr, 2016-cı ildə 1,6 milyard kubmetr qrunt suları Xəzər dənizinə axıdılıb, su ilə birlikdə axıdılan zərərli duzların miqdarı uyğun olaraq 2015-ci ildə 5711 min ton və 2016-cı ildə 8181 min ton olub.

Auditlə ümumilikdə 6744,9 min manat məbləğində vəsait əhatə olunub.

İdarə tərəfindən büdcə layihəsinə təkliflər hazırlanarkən xərclərə olan tələbat dəqiq hesablamalara əsasən tərtib edilməyib, 2015-ci ildə İdarə qazla təchiz olunmadığı halda "Qaz haqqının ödənilməsi" paraqrafı üzrə vəsait nəzərdə tutulub, müvafiq illər üzrə ilin əvvəlinə olan anbar qalıqları nəzərə alınmayıb, yanacaq və sürtkü materiallarının sərfi üzrə nəqliyyat vasitələrinin marşrut və manevr xətləri müəyyənləşdirilməyib, hər bir meliorativ nasos stansiyasına və təmir işləri aparılacaq obyektlərə qədər olan gediş-gəliş məsafəsi müəyyən edilməyib, yol vərəqələrində zəruri göstəricilər doldurulmayıb, nəqliyyat vasitələrinə artıq ehtiyat hissələri silinib.

Auditlə əhatə olunan dövrdə təchizatçı tərəfindən meliorativ nasos stansiyasının enerji təchizatında sərhəd mənsubiyyətinə qədər enerji itkilərinin müqavilə şərtlərinə zidd olaraq İdarənin sayğac göstəricisinə əlavə edilməsi hesabına enerji itkisi hesablanıb, "Sudan istifadə Qaydaları"nın tələblərinə əməl edilmədiyindən isə artıq su haqqı üzrə səmərəsiz xərcə yol verilib.

ASC tərəfindən İdarənin istismar tədbirləri planı təsdiq edilərkən İdarənin texnika və işçi qüvvəsinin potensialının düzgün qiymətləndirilməməsi nəticəsində yerinə yetirilmiş lildən təmizləmə işləri 2015-ci ildə 72,5 faizi, 2016-cı ildə 73,9 faizi İdarənin öz gücü ilə icra edilib, qalan 2015-ci ildə 27,5 faizi, 2016-cı ildə isə 26,1 faizi podrat müqavilələrlə yerinə yetirilib. İdarənin texnika və işçi qüvvəsindən tam istifadə edilməyib və boşdayanmalara yol verilib.

Hesablama Palatasının kollegiyası İdarə tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Məlumat "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası məqsədilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.