CƏMİYYƏT
Baş həkimin qanunsuz əməlləri ifşa edilib
Bakı, 27 fevral, AZƏRTAC
Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə paytaxt sakininin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.