İDMAN
Baş məşqçi: İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik
Bakı, 29 mart, AZƏRTAC
İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik.
AZƏRTAC xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş İngiltərə-Azərbaycan oyununun nəticələrini şərh edərkən yığmanın baş məşqçisi Nikolay Adam affa.az-a açıqlamasında deyib.
Qol imkanlarını dəyərləndirə bilmədiklərini deyən məşqçi rəqibin isə yaratdığı imkanı qola çevirməyi bacardığını söyləyib. “Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir. Fikrimcə, ölkəmizi burada yaxşı təmsil edirik. Kollektiv olaraq düzgün seçim edib yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib tapşırıqlarımızı meydanda həyata keçirirlər. Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək. Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni şad edir”, - deyə N.Adam bildirib.
Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş İngiltərə – Azərbaycan oyunu 1-0 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb.