SİYASƏT


Baş nazir Giorgi Kvirikaşvili: Gürcüstan strateji tərəfdaşı olan Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır

A+ A

Tbilisi, 1 fevral, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 1-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Baş nazir Giorgi Kvirikaşvili Dursun Həsənovu yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb.

Giorgi Kvirikaşvili bildirib ki, Gürcüstan strateji tərəfdaşı olan Azərbaycan ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bütün hökumət üzvlərinin dost Azərbaycan dövlətinə və xalqına xüsusi önəm verdiyini, münasibətlərimizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.

G.Kvirikaşvili 2016-cı il avqustun 31-də ölkəmizə etdiyi rəsmi səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşləri xatırladıb, əlaqələrimizin dərinləşməsi istiqamətində onun tərəfindən səslənən siyasi bəyanatların Azərbaycanda yüksək qiymətləndirildiyini, həmin bəyanatlarla iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrini bir daha dünyaya nümayiş etdirdiyini bildirib.

Baş nazir hökumət başçılarının, nazirlərin, komitə sədrlərinin qarşılıqlı səfərlərinin, imzalanmış saziş, bəyanat, müqavilə və digər sənədlərin, müxtəlif istiqamətlərdə işçi qruplarının intensiv görüşlərinin, Hökumətlərarası Komissiyanın növbəti iclaslarının təşkilinin əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.

Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, mədəni və turizm sahələrində yaxşı əlaqələrin, eləcə də, energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğunu böyük məmnuniyyət hissi ilə vurğulayan G.Kvirikaşvili münasibətlərimizi yeni layihələrlə daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu, bu layihələrin xalqlarımızın maddi və mənəvi rifahını yüksəldəcəyini bildirib.

D.Həsənov ona göstərilən yüksək etimadı doğrultmağa çalışacağını, bunun üçün bütün səylərini, gücünü səfərbər edəcəyini qeyd edib.

Diplomat bildirib ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərlə yanaşı, gürcü və Azərbaycan xalqları arasında tarixi köklərə söykənən qardaşlıq və dostluq əlaqələri var.

Səfir Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət və hökumət başçılarının, hökumət üzvlərinin üçtərəfli formatda görüşlərinin mütəmadi olaraq keçirilməsinin, bu formatda qarşılıqlı səfərlərin, sammitlərin təşkilinin regional əməkdaşlığımızın daha da inkişaf etməsinə təsir göstərəcəyini bildirib. Regional və beynəlxalq əməkdaşlıq çərçivəsində GUAM-ın fəaliyyətinin artırılmasında da dövlətimizin maraqlı olduğunu qeyd edib. Bu formatda göstərici kimi beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləməyin vacibliyini vurğulayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz Dəhlizi layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat layihələrinin reallaşması istiqamətində üçtərəfli formatda görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.