SİYASƏT


Baş nazir Məhəmməd Nəvaz Şərif: Pakistan-Azərbaycan əlaqələri daha da inkişaf edəcək

A+ A

İslamabad, 25 noyabr, AZƏRTAC 

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Pakistana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb.

Yaqub Eyyubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Məhəmməd Nəvaz Şərifə çatdırıb, dövlətimizin başçısının Baş nazirə ünvanladığı məktubu ona təqdim edib.

Kəraçi şəhərində keçirilən “IDEAS-2016” müdafiə sərgisində iştirakı, keçirdiyi görüşlər, əldə olunan razılaşmalar, Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişafı istiqamətində aparılan işlər haqqında məlumat verən Baş nazirin birinci müavini Azərbaycan Prezidentinin Pakistanla əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

Yaqub Eyyubov Pakistanın müxtəlif sahələr üzrə əldə etdiyi uğurların Azərbaycanı sevindirdiyini, ölkəmizin hər zaman Pakistanı dəstəklədiyini, Kəşmir məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Pakistanla bütün sahələrdə əməkdaşlığının bundan sonra da davam edəcəyini söyləyən Baş nazirin birinci müavini səfər zamanı ona və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Məhəmməd Nəvaz Şərif salamlarını və məktuba görə təşəkkürlərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Xalqlarımız arasındakı ortaq bağlılıqlardan, dini-mədəni dəyərlərdən söhbət açan Baş nazir Azərbaycan Prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu qeyd edib.

Kəşmir məsələsi ilə bağlı son vəziyyət haqqında məlumat verən Məhəmməd Nəvaz Şərif Azərbaycanın dəstəyinin yüksək qiymətləndirildiyini bildirib, Pakistan-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. O, iki qardaş ölkə arasında iqtisadi, elmi, hərbi-texniki, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin daha da inkişaf edəcəyini bildirib.

Ölkəmizə rəsmi səfərini xatırladan Baş nazir Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduqlarını və ölkəmizə dəstəyin hər zaman davam edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə də iştirak edib.

Qeyd edək ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov Pakistana səfəri çərçivəsində digər rəsmi şəxslərlə də görüşlər keçirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.