SİYASƏT
Baş nazirin müavini Əli Həsənov: Sumqayıt mənim ikinci vətənimdir
AZƏRTAC xəbər verir ki, bu sözləri Sumqayıta şəhər statusu verilməsinin 65 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuata açıqlamasında söyləyib.
Ə. Həsənov vurğulayıb ki, bu gün Sumqayıt ölkənin ən gözəl şəhərinə çevrilib. Şəhərin sənaye potensialı günbəgün yüksəlir. Azərbaycanda ilk texnopark burada yaradılıb. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtlarda olduğu kimi, bu gün də Sumqayıtın inkişafına diqqət və qayğı dövlətimizin siyasətində prioritet istiqamətlərdəndir. Sumqayıtın gündən-günə tərəqqi etməsi Prezident İlham Əliyevin daim diqqətindədir.
Baş nazirin müavini Sumqayıtın ən böyük sərvətinin onun insanları olduğunu bildirərək deyib: “Sumqayıtın insanları həm səmimiliklərinə, həm qayğıkeşliklərinə, həm də insanpərvərliklərinə görə çox fərqlidirlər”.
Əli Həsənov daha sonra deyib ki, hər bir sumqayıtlı bu şəhərin keçmiş ənənələrinin bərpa olunduğunu görəndə fərəh hissi keçirir.