CƏMİYYƏT
Baş nazirin müavini: Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini düşündürən məsələlərdən biridir
Bakı, 24 noyabr, AZƏRTAC
Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini düşündürən məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan ərazilərinə hücum etmiş və torpaqlarının 20 faizinə qədərini işğal etmiş erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışıblar.
Ə.Əhmədov dedi: “Bu istiqamətdə Sərsəng su anbarı məsələsi bizi ciddi narahat edir. Su anbarına qarşı təxribat törədilməsi təhlükəsini yaşayırıq. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatının qarşısının alınması üçün tədbirlər görməlidirlər. Güman edirəm ki, bu istiqamətdə müzakirələr də yəqin ki, həqiqətin ortaya çıxmasına kömək edəcək”.
Qeyd edək ki, noyabrın 23-də AŞPA-nın sosial məsələlər komitəsinin Parisdə keçirilən iclasında Ermənistan silahlı qüvvələrinin Sərsəng su anbarının yerləşdiyi bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə layihəsi qəbul edilib.