CƏMİYYƏT


Baş pediatr: Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Qidalanma uşaqların sağlamlığını, onların harmonik, düzgün inkişafını tənzimləyən güclü amildir. Ona görə də qidalanma kəmiyyət və keyfiyyətcə səmərəli olmaqla körpə orqanizminin tələblərini ödəməlidir. Bu baxımdan ana südü körpələr üçün ən ideal qidadır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 6-da “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusuna həsr edilmiş mətbuat konfransında səslənib. Tədbirdə bildirilib ki, dünya ölkələrində, o cümlədən respublikamızda BMT-nin Uşaq Fondu (UNICEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Belə tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlüklərini, döşlə əmizdirmənin vacibliyini, süni qidaların ana südünə nisbətdə fərqini analara çatdırmaq, habelə döşlə əmizdirmədə ananın məsuliyyətini artırmaqdır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib: “Hər bir ana bilməlidir ki, dünyaya göz açan körpənin əmizdirmək onun müqəddəs borcudur. Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrində o cümlədən respublikamızda döşlə əmizdirmənin səviyyəsi arzu olunan deyil. Statistik məlumatlara əsasən, Azərbaycanda 1992-ci ildə 1 yaşa qədər 25 faizə qədər ana öz körpəsinə süd verib. Döş ilə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırılmaq, bütövlüklə döşlə əmizdirmənin mühafizəsi, təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə bu rəqəm 50 faizə qədər yüksəlib. Əlbəttə, bu, hələ də arzu olunan hədd deyil. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, xüsusən pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün, bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir”.

Baş pediatr bildirib ki, hər bir ananın südü öz körpəsi üçün adekvatdır, spesifikdir. Ana südündə uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal surətdə balanslaşdırılıb. Ana südü laktasiya prosesində bir neçə mərhələ keçir: ilk süd, keçid süd və yetişmiş süd. Ana südünün tərkibi laktasiyanın müxtəlif dövrlərində dəyişir. Doğuşdan sonrakı ilk günlərdə süd vəziləri zülal və mineral maddələrlə zəngin, az miqdarda yağ və karbohidrat olan ilk süd (molozivo) istehsal edir. Südün tam tərkibi 2-3-cü həftədə formalaşır. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Ona görə də hər bir ana döş ilə əmizdirməyin nə üçün vacib olduğunu, ana südünün hansı üstünlüklərə malik olduğunu bilməlidir. Eyni zamanda, analar ana südü ilə süni qatışıqlar arasındakı fərqi və süni qidalanmanın təhlükələri ilə də məlumatlandırılmalıdırlar. Hər bir ana çalışmalıdır ki, ana südü ilə əmizdirməni mümkün qədər davam etdirsin. Döşlə əmizdirmə körpə doğulduqdan sonra ilk yarım saat ilə bir saat arasında yerinə yetirilməlidir. Ana südü ilə qidalanan körpənin ilk 6 ay ərzində heç bir başqa qidaya və ya mayeyə ehtiyacı yoxdur.

N.Quliyev diqqətə çatdırıb ki, döşlə əmizdirmənin ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Ana ilə körpə arasındakı mehribanlıq, doğmalıq, yaxınlıq gələcəkdə uşağın sosial davranışını, psixi inkişafını müəyyən edir. Belə uşaqlar sakit təbiətli, xeyirxah, mehriban və ünsiyyətli olurlar. Döşlə əmizdirmə həmçinin ananın öz sağlamlığına da müsbət təsir göstərir:

Qeyd olunub ki, dövlət, səhiyyə işçiləri və ictimaiyyətin bütün nümayəndələrinin birgə fəaliyyəti sayəsində respublikamızda döşlə əmizdirmənin miqyasını maksimum arzuolunan həddə - 90-95 faizə çatdırmaq mümkündür. Çünki ana südü ilə qidalanmanı hər hansı bir ailənin öz körpəsinə olan qayğısı kimi qiymətləndirmək düzgün deyil. Əslində, bu, bütün cəmiyyətin qayğısıdır. Məqsəd uşaqların sağlam genofondunu yetişdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.