CƏMİYYƏT
Baş prokuror Balakən şəhərində vətəndaşları qəbul edib
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov avqustun 26-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl baş prokuror və Balakən Rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına lazımi göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması üçün tapşırıqlar verilib.
Qəbul zamanı vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra baş prokuror tabe prokurorların iştirakı ilə müşavirə keçirib. Müşavirədə vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.