İDMAN
Basketbolçu Zaur Paşayev: Qızıl medal qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq
Bakı, 21 may, AZƏRTAC
Bu gün dörddəbir finalda və yarımfinalda keçirdiyimiz iki görüşdə gözəl oyun nümayiş etdirərək finala vəsiqə qazandıq. Yarımfinalda Türkiyə milli komandasına qalib gəldik. Finalda Qətər komandası ilə üz-üzə gələcəyik. Qətər yığması bizim komandamız kimi bu yarışda uduzmayıb. Buna görə də çətin oyun olacağını bilirik. Lakin qızıl medal qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında basketbol 3x3 yarışının finalına vəsiqə qazanan Azərbaycan yığma komandasının üzvü Zaur Paşayev deyib.
İdmançımız bildirib ki, IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Təşkilatçılar atletlər üçün hər cür şəraiti yaradıblar. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları İslamiadanın proqramına daxil edilən idman növlərinin inkişafına mühüm töhfə verir. Gənclər arasında idmanın kütləviliyinin daha da artırılması baxımından bu mötəbər idman yarışının rolu çox böyükdür”, - deyə Z.Paşayev qeyd edib.