REGİONLAR
Batabat yaylağı, Biçənək və Gülüstan kəndlərində profilaktik tibbi müayinələr aparılıb
Naxçıvan, 31 iyul, AZƏRTAC
Yay mövsümünü Şahbuz, Şərur, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi xüsusi həkim briqadaları yaradıb, həmin briqadaların mövsüm ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi təmin olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çoxprofilli həkim briqadası cari il üçün iş planına uyğun olaraq Şahbuz rayonundakı Batabat yaylağında heyvandarlara baş çəkib.
Həkim briqadası “Qaraçuq” yaylağında məskunlaşan 6 obada yaşayan 11 ailənin bütün üzvlərini profilaktik tibbi müayinəyə cəlb ediblər. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı dərmanlar verilib.
Obalarda müayinələr mövsüm boyu davam etdiriləcək.
Nazirliyin çoxprofilli həkim briqadası Şahbuz rayonunun Biçənək kəndində də olub, həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə gün ərzində 22 terapevtik, 27 pediatrik, 14 ginekoloji, 12 cərrahi müayinə aparıb. Aşkar olunan xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb.
Müayinələrin nəticəsində üç nəfərdə hipertoniya, 1 nəfərdə xroniki beyin qan dövranı çatışmazlığı, 1 uşaqda anemiya, 1 uşaqda revmatizm aşkar edildiyindən dispanser qeydiyyatına götürülüb, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Culfa rayonunun Gülüstan kəndində uşaqlara profilaktik tibbi xidmət göstərib. Briqada 18 yaşadək olan 53 nəfəri profilaktik müayinədən keçirib, 50 valideynlə səhiyyə maarifi işi aparıb.