SİYASƏT
Batumi Dövlət Universitetinin tələbələrinə Azərbaycanın xarici siyasəti barədə məlumat verilib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Şota Rustaveli adına Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında tələbələr qarşısında “Beynəlxalq münasibətlərdə Azərbaycan diplomatiyası” mövzusunda çıxış edib.
Baş konsul Azərbaycanın sürətli inkişaf, apardığı sabit siyasət ilə dünya ictimaiyyətinin diqqətində olduğunu söyləyib. O, ölkəmizin iştirakı olmadan hər hansı regional layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyünü diqqətə çatdırıb. Azərbaycanın bütün dövlətlərlə bərabər prinsiplər əsasında müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan diplomat ölkəmizin iqtisadi və hərbi qüdrətinin yüksəldiyini, yaxın qonşularla sülh şəraitində yaşamaqda, dostluq münasibətləri yaratmaqda maraqlı olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən R.İsmayılov Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiasında olduğunu, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini diqqətə çatdırıb, təcavüzkar dövlətin işğal olunmuş Azərbaycan ərazilərini dərhal və heç bir şərt qoymadan boşaltması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığını qeyd edib.
Sonda R.İsmayılov tələbələrin Azərbaycanın xarici siyasəti, Avropanın enerji təminatında ölkəmizin rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi