ELM VƏ TƏHSİL
Batumi Dövlət Universitetinin tələbələrinə Heydər Əliyev şəxsiyyəti barədə məlumat verilib
Tbilisi, 10 may, AZƏRTAC
Batumi Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Şota Rustaveli adına Batumi Dövlət Universitetindəki “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında “Heydər Əliyev və Gürcüstan-Azərbaycan münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib.
Tədbirdə universitetin professor və müəllim heyəti, beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Rəşad İsmayılov iştirakçılara ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. O, Ulu Öndəri Gürcüstan-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində, bölgədə təhlükəsizliyin bərpa olunmasında, qlobal layihələrin reallaşdırılmasında xüsusi xidmətləri olan şəxsiyyət kimi səciyyələndirib, onun təhsilə, gəncliyə olan diqqət və qayğısından danışıb.
Sonda baş konsul iştirakçıların Heydər Əliyev və Azərbaycanın inkişafı, regionda və dünyadakı mövqeləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi