SİYASƏT
Batumidə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib
Batumi, 20 aprel, AZƏRTAC
Azərbaycanın Batumidəki baş konsulluğunda bu şəhərdəki Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.
Baş konsul Rəşad İsmayılov görüşdə çıxış edərək son günlər Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş hadisələrdən söhbət açıb, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımi addımlar atdığını bildirib.
Gürcüstanda yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu vurğulayan baş konsul diasporun daha fəal olması üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bundan sonra da verəcəyini diqqətə çatdırıb.
“Acariya Gürcü-Azərbaycan” Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Axundov Azərbaycanın Batumidəki icmasının nümayəndələrinin bu görüşü yüksək qiymətləndirdiklərini və azərbaycançılıq naminə bundan sonra da fəal mübarizə aparacaqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi