SİYASƏT


Batumidə Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin görüşü olub

Batumi, 23 may, AZƏRTAC

Mayın 23-də Batumi şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Fikri İşık arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi qeyd olunub.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətlərinin bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Türkiyə dövlətinin də dostluq və qardaşlıq əlaqələrimizin inkişafına eyni münasibətinin olmasından məmnunluğunu ifadə edib.

Fikri İşık Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Nazir Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

Söhbət zamanı hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və baş konsul Rəşad İsmayılov da iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.