SİYASƏT
Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Tbilisi, 28 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğu tərəfindən təntənəli mərasim təşkil olunub.
Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov çıxış edərək Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrikini iştirakçıların diqqətinə çatdırıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söz açan baş konsul bu günün təsis edilməsinin xalqımızın ulu öndəri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu əlamətdar bayramın xüsusi rolu var. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası artıq təşəbbüsdən əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb. Soydaşlarımızın yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi baxımından Dünya Azərbaycanlılarının Həmrəylik Günü mühüm amilə çevrilib.
Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri David Qabaidze tədbirdə iştirakından və azərbaycanlılarla birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən məmnunluğunu bildirib. Gürcüstanlıların Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan Ali Sovetin sədri deyib ki, Acarıstanın, xüsusilə də Batuminin tarixinə nəzər yetirildikdə, xalqlarımızın, regionlarımızın və şəhərlərimizin çoxəsrlik dostluğa sahib olduğunu görmək mümkündür.
Çıxışlardan sonra tədbir bədii hissə və ziyafətlə davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi