SİYASƏT
Batumidə keçirilən mərasimdə 28 May - Respublika Gününün Azərbaycan tarixində önəmli yerindən bəhs edilib
Batumi, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirib.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildikdən sonra baş konsul Hüseyn Nəcəfov çıxış edərək deyib ki, 1918-ci il mayın 28-də Tiflisdə müsəlman Şərqində ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və Müstəqillik Bəyannaməsi qəbul edilib. 1918-1920-ci illərdə mövcud olmuş AXC həmin dövrdə xalqımızı müstəqilliyə, azadlığa, suverenliyə qovuşdurub. AXC Avropanın əksər ölkələrini qabaqlayaraq ilk dəfə müsəlman Şərqində qadınlara seçki hüququ verib. Mövcud olduğu cəmi 23 ay ərzində AXC-də böyük işlər görülüb. 1920-ci ilin aprel ayında bolşevik işğalına qədər respublikanın müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınıb və onlardan 19-u ilə diplomatik münasibətlər qurulub.
H.Nəcəfov Ermənistanın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda xeyli sonradan məskunlaşan ermənilərin “öz müqəddəratını təyinetmə hüququnu” reallaşdırmaq bəhanəsi ilə ərazilərimizin 20 faizini işğal etdiyini bildirib. Diplomat Azərbaycanın Ermənistan ilə müharibə vəziyyətində olmasına və ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, respublikamızın iqtisadi, siyasi və diplomatik sahələrdə kifayət qədər əhəmiyyətli uğurlara nail olduğunu, bu uğurların bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi davamıdır.
Baş konsul Azərbaycanın və Gürcüstanın tərəfdaş ölkələr olduqlarını, əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadıqlarını vurğulayıb.
Diplomat son dövrdə Azərbaycanının iqtisadiyyat, mədəniyyət və idman sahələrində əldə etdiyi uğurlar, xüsusən də iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları barədə ətraflı məlumat verib.
Acarıstan Ali Sovetinin sədri Avtandil Beridze Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, Gürcüstan ilə Azərbaycan arasında mövcud olan strateji əməkdaşlığın tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulduğunu bildirib. Ali Sovetin sədri Acarıstan və Naxçıvan muxtar respublikaları arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib. Azərbaycanın regionun güclü və zəngin dövləti olduğunu vurğulayaraq, Prezident İlham Əliyevin nümunəvi dövlət başçısı olduğunu bildirib.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən hazırlanmış “Bakı-2015” ilk Avropa Oyunları” videoçarxı nümayiş etdirilib.
Batumidə keçirilmiş tədbir və baş konsulun müsahibəsi “Ajara TV” telekanalında nümayiş olunub.
Tədbirdə yüksək səviyyəli rəsmi şəxslər, Batumi Dövlət Universitetinin rektoru, professor və müəllim heyəti, tələbələri, diplomatik nümayəndəliklərin təmsilçiləri, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin rəhbərləri, əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi