Batumidə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Tbilisi, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Respublikasının Batumidəki baş konsulluğu xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Baş konsul Rəşad İsmayılov tədbirdə çıxış edərək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına töhfəsindən, dahi liderin bu münasibətlərin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkənin parçalanmasının qarşısını alıb, vətəndaş birliyini təmin edib. Heydər Əliyev Azərbaycan və Gürcüstan dostluğunun memarıdır. Ulu Öndər Gürcüstan ilə münasibətlərin inkişafına daim xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində dost ölkə kimi gürcü xalqına qardaşlıq yardımını əsirgəməyib.
Diplomat, həmçinin Ümummilli Liderin cismən aramızda olmadığı son 14 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini və respublikamızın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.
Acarıstan Muxtar Respublikasının elm, təhsil, idman və gənclər naziri İnka Şamilaşvili çıxışında Ulu Öndərin tarixi xidmətlərinin, dahi şəxsiyyətin əziz xatirəsinin gürcü və digər dost, qədirbilən xalqlar tərəfindən daim yad edildiyini və Heydər Əliyev fenomeninin qəlblərdə əbədi yaşayacağını bildirib.
Acarıstan Muxtar Respublikası Bələdiyyəsinin sədri Suliko Tabidze deyib ki, Heydər Əliyev regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi müxtəlif layihələr xalqlarımızın rifahına, region ölkələri ilə dostluğumuzun möhkəmlənməsinə xidmət edir. Bu gün bütün gürcü xalqı da məhəbbəti, qayğısı və fədakarlığı ilə qəlblərimizdə dərin iz qoyan Heydər Əliyevi ehtiramla anır.
Anım mərasimində Şahismayıl Şəmmədoğlunun müəllifi olduğu “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib.
Çıxış edənlər nəşrin gürcü dilindəki versiyasının çapdan çıxmasını yüksək qiymətləndiriblər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgiyə baxış olub, film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi