CƏMİYYƏT
Batumidə yeni məscid və mədrəsə istifadəyə verilib
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Batumidə yerli müsəlman icması üçün tikilmiş yeni məscid istifadəyə verilib.
Bununla əlaqədar keçirilən mərasimdə bildirilib ki, dini icmalar üçün iqamətgah və ibadət yerləri Gürcüstan hökumətinin təşəbbüsü ilə tikilir. Bundan əvvəl yerli müsəlmanlara və digər etnik azlıqlara kifayət qədər diqqət yetirilmirdi. Bidzina İvanişvilinin hakimiyyətdə olduğu qısa müddətdə dini işlər üzrə Dövlət Agentliyi yaradılıb. Dini icmalar üçün normal şərait yaradılması məqsədilə yeni təşəbbüs irəli sürülüb. Hazırkı hökumət həmin təşəbbüsü inkişaf etdirməklə ölkədəki dini icmalara diqqət və qayğı göstərir. Bu, Gürcüstan hökumətinin siyasətinin əsasını təşkil edir.
Məscidlə yanaşı, burada dördmərtəbəli mədrəsə və dərsliklərin çapı üçün nəşriyyat da istifadəyə verilib. Mədrəsədə dərslər yaxın vaxtlarda başlayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi